Rusiyanın Azərbaycandakı səfirliyi “İnterfaks-Azərbaycan” informasiya agentliyini iki ölkə arasında əməkdaşlığın işıqlandırılmasına verdiyi yaradıcı töhfəyə və göstərdiyi dəstəyə görə mükafatlandırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri mükafatlandırma mərasimindən məlumat verib.
“Azərbaycan və Rusiya mətbuatı günündə görüşmək ənənəyə çevrilib. Biz faydalı, lazımlı və mühüm fəaliyyət həyata keçiririk”, - deyə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov mərasimdə bildirib.
O, Rusiya Yazıçılar İttifaqının katibi Rafael Hüseynovun təbrik məktubunu oxuyub.
Tədbirdə çıxış edən səfirliyin müşaviri Oleq Muraşev qeyd edib ki, rusiyalı diplomatların günü hər zaman Azərbaycan mətbuatı ilə tanışlıqla başlayır və bununla da bitir.
“Azərbaycanda rusdilli seqmentin çox böyük olması və ildən ilə artması bizim üçün xoşdur. Rusiya və onunla əlaqələrə aid materiallar Azərbaycan mətbuatında böyük yer tutur. Biz Rusiyada baş verən hadisələrə dair obyektiv rəylərlə rastlaşırıq. Bizim rəyimizlə çox vaxt üst-üstə düşən fikirlər də ətraflı işıqlandırılır”, - deyə o bildirib.
Tədbirdə iştirak edən Rusiya Kütləvi İnformasiya Vasitələri Komitəsinin rəhbərinin birinci müavini Andrey Tumanov Bakı haqqında təəssüratlarını bölüşüb. O qeyd edib ki, bu şəhərə dəfələrlə qayıdacaq.
Bundan başqa, tədbir çərçivəsində rus şairi Sergey Yeseninin 120 illiyinə həsr olunan tədbirlərin fəal işıqlandırılmasına görə bir qrup jurnalist və yazıçı mükafatlandırılıb.
A.Zeydullayeva