12-13 yanvar 2016-cı il tarixlərində Siyəzən rayonunun bir qrup sakini tərəfindən şəhərin mərkəzi prospekt və küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil edilib. Bu barədə
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
“İctimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər. Nəticədə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilib,onlara müxəlif dərəcəli bədən xəsarətləri yetirilib, ümumi təhlükəli üsulla polisin iki xidməti avtomaşını zədələnib”, - deyə bəyanatda qeyd olunur.
Rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və daxili qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanılıb.
Bəyanatda qeyd edilir ki, fakt üzrə Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb və istintaq aparılır. Saxlanılmış şəxslərdən bir neçə nəfəri cinayət məsuliyyətinə cəlb edilib, həmçinin əməllərində inzibati xəta tərkibi olan şəxslər barəsində müvafiq tədbirlər görülüb.
“Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş və ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXCP və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib”, - deyə bəyanatda vurğulanır.
B.Rüstəmbəyov