“Iteca Caspian” şirkəti bu il 16 sərgi və 1 konfrans keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2016-cı ildə 4 sərginin yubileyi olacaq. Belə ki, Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF-2016”) və “Dəmiryol infrastrukturu və Hərəkət heyəti, Dənizçilik sənayesi, Aviasiya və Nəqliyyat-loqistika xidmətləri” (“TransCaspian 2016”) sərgiləri öz 15 illiyini, “Mehmanxana, Restoran və Super-marketlər üçün avadanlıq və ləvazimatlar” (“HOREX Caucasus-2015”) və “Gözəllik və Estetik tibb” (“Beauty Azerbaijan-2015”) sərgiləri isə 10 illik yubileylərini qeyd edəcək.
2016-cı ildə bir sıra sərgi yeni imicdə təşkil olunacaq. Hələ 2015-ci ildə regionun ən böyük sərgisi - Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild”) sərgisinin yeni brendi təqdim olunmuşdu. Həmçinin “Worldfood Azerbaijan” və “Road & Traffic” sərgiləri ilə yanaşı, Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgisi olan Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas”) sərgisi də öz brendini dəyişəcək.
“Transcaspian” sərgisinin təqdim etdiyi sektorların genişlənməsi ilə əlaqədar olaraq, 2016-cı ildə bu sərgi “Xəzər Beynəlxalq Dəmiryol İnfrastrukturu və Hərəkət Heyəti, Dəniz Sənayesi, Aviasiya, Daşımalar və Loqistika” (“Transcaspian”) adı altında təşkil olunacaq.
Təşkilatçılar ayrı-ayrılıqda hər bir sektorun – həm nəqliyyat sektorunun, həm də ümumilikdə iqtisadiyyat sahəsinin artan aktuallığını nəzərə alaraq belə bir qərar qəbul ediblər.
A. Zeydullayeva