Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorliklə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr apardığını bəyan edib.
“Səfir Uorlik ilə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı uğurlu məsləhətləşmələr apardıq”, - deyə D.Lidinqton cümə axşamı «Twitter» mikrobloqunda yazıb.
Eyni zamanda, Britaniyanın Azərbaycandakı səfirliyinin «Facebook» səhifəsində yaydığı məlumata görə, yanvarın 13-də C.Uorlik Britaniya Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparıb.
“Həmsədr ölkənin Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla görüşüb. Görüşdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Cənab Uorlik region üzrə ekspertlər, hökumət nümayəndələri, QHT sektoru üzvləri və akademik dairələrin təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masaya da qatılıb. Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğunun rəhbəri Maykl Tethemlə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib”, - deyə səfirlikdən qeyd ediblər.
F.İsazadə