Britaniyanın “Anglo Asian Mining” şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF-Az) 2015-ci ildə “Gədəbəy” yatağından 72,032 min unsiya qızıl hasil edib ki, bu da 2014-cü ilin göstəricisi ilə müqayisədə 19% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
“2015-ci ildə hasilatın qeyd olunan həcmindən 63,924 min unsiya qızıl satılıb (1 unsiya - $1,161 min)”, - deyə məlumatda qeyd olunur.
2015-ci ildə “Gədəbəy” yatağından 28,626 min unsiya gümüş (azalma 8%), 969 ton mis (artım 24%) hasil edilib. Bununla belə, ötən il şirkət tərəfindən 1,31 min ton mis konsentratı satılıb və $3,3 mln. həcmində vəsait əldə olunub.
31 dekabr 2015-ci il tarixinə şirkətin kreditlər üzrə ümumi borcu $49,2 mln. təşkil edir. Borcun strukturunda $27,1 mln. Amsterdam Ticarət Bankı, $11,7 mln. Azərbaycan Beynəlxalq Bankı, $4,6 mln. “PAŞA Bank”, $0,4 mln. “Atlas Copco”, $1,7 mln. Türkiyənin “YapiKredi Bank”dan alınan kreditlərin, $3,9 mln. “Anglo Asian Mining”in direktoru Reza Vəziridən əldə edilən borcun payına düşür.
Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.
N.Abbasova