“Azər-Türk Bank” xarici valyuta ilə mübadilə əməliyyatları zamanı fiziki və hüquqi şəxslərin tələbatını tam təmin edir. Bu barədə bankdan məlumat verilib.
“Bu gün səhər bankın filialları qarşısında valyuta almaq istəyən vətəndaşların sıxlığı müşahidə olunub. Hazırda filiallar qarşısında indi böyük növbələr nəzərə çarpmır. Müraciət edən bütün müştərilərin mübadilə əməliyyatı həyata keçirməsi üçün lazımi şərait təmin edilib. Gün ərzində bankın baş ofisində və yerli struktur bölmələrinin hər birində 800-1 min nəfər müştəriyə müvafiq valyuta mübadilə xidməti göstərilir”, - deyə məlumatda qeyd olunur.
Bankın məlumatına görə, hər bir müştəri müvafiq qaydaların tələblərinə uyğun, satılan valyutanın məbləğindən asılı olaraq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə gün ərzində $500-ə qədər xarici valyuta ala bilər.
14 yanvar tarixinə bankda dolların satış məzənnəsi 1.6320 AZN/$1, alış məzənnəsi isə 1.6320 AZN/$1 səviyyəsində müəyyənləşdirilib.
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Nizamnamə kapitalı 50 mln. manata bərabərdir. Bankın səhmdarları Əmlak Məsələləri Dövlət Komitəsi (75%), Türkiyənin “Ziraat Bank”ı (12,37%), “Ziraat Bank International” (1,08%), “AzRe” təkrarsığorta şirkəti (6,55%) və “Qala Həyat Sığorta” şirkətidir (5%).
A.Əzizov