Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar tarixindən etibarən əlavə dəyər vergisindən azad olunur. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
“Bu qərar manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan prezidentinin tapşırığına əsasən qəbul edilib”, - deyə məlumatda qeyd olunur.
Məlumata əsasən, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21,5-22 manat arasında, pərakəndə satış qiyməti isə 23-24 manat arasında formalaşıb.
“Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq. Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək”, - deyə məlumatda vurğulanır.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun ardınca AMB milli valyutanı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsinə qarşı 1,55 manat/$1 səviyyəsində müəyyən edib. 2015-ci ilin fevral ayında ilk devalvasiya nəzərə alınmaqla, manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
A.Axundov