Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün rəqabətə davamlı güzəştli tariflərin müəyyənləşdirilməsinə dair protokol imzalanıb. Bu barədə yerli mətbuat məlumat verib.
Protokol yanvarın 14-də Bakıda dörd ölkənin dəmir yolu operatorlarının rəhbərləri tərəfindən imzalanıb. Həmçinin sənəddə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə qatarların hərəkətinin asanlaşdırılması, yükdaşımaların həcminin artırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan və Gürcüstan arasında da analoji protokol imzalanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, fevralın ortalarında dörd ölkə arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün vahir tarif siyasəti razılaşdırılacaq. O qeyd edib ki, bu marşrutla ayda 8-ə yaxın qatar hərəkət edə biləcək.
Xəbər verldiyi kimi, yanvarın 15-də İliçevskdən çıxacaq konteyner qatarı Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu ilə sınaq reysi həyata keçirəcək. Şixetszı (Çin) - Dstik-Aktau-Ələt marşrutu ilə hərəkət edən ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yan alıb.
A.Axundov