2016-cı ildə “Şahdəniz” yatağından qaz hasilatı 10,1 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Bu barədə energetika naziri Natiq Əliyev cümə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edir.
“2015-ci ildə “Şahdəniz” yatağından 9,9 mlrd. kubmetr qaz hasil olunub. Beləliklə, il ərzində bu yataqdan qaz hasilatının sutkalıq həcmi 14,2 mln. kubmetrdən çox olub. 2016-cı ildə “Şahdəniz” yatağından qaz hasilatı 10,1 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır (artım 2% - İF-Az)”, - deyə N.Əliyev bildirib.
Xəbər verildiyi kimi, Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından qaz hasilatı 6 quyudan həyata keçirilir.
“Mərhələ-1” çərçivəsində 178 mlrd. kubmetr qaz və 34 mln. ton kondensat hasilatı nəzərdə tutulur. “Mərhələ-1” $4,1 mlrd. dəyərində qiymətləndirilir.
N.Abbasova