Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsi 2015-ci ildə 460 cinayət işinin ibtidai istintaqını aparıb. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
Qeyd edilib ki, hesabat dövründə 145 cinayət işi Baş İdarə rəisi tərəfindən başlanıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 47 cinayət işi Baş prokurorluq vasitəsi ilə aidiyyəti orqanlardan daxil olmaqla icraata qəbul edilib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb.
K.Əliyev bildirib ki, həmin cinayət işləri əsasən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma, rüşvət vermə, nüfuz alveri, saxta sənədlərdən istifadə etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və digər faktlarla bağlı olub.
O da qeyd olunub ki, hesabat dövründə 301 şəxs barəsində 207 cinayət işinin istintaqı tamamlanıb, onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. İstintaqı tamamlanmış cinayət işlərindən ümumilikdə 206 şəxs barəsində 119 iş Ağır Cinayətlər Məhkəmələrinə, 89 şəxs barəsində 81 iş isə yerli rayon (şəhər) məhkəmələrinə göndərilib.
O bildirib ki, 2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində 12 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələb etmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olub.
F.İsazadə