Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Kəngərli rayonunun Yurdçu kəndindətam orta məktəbin binası, Kənd Mərkəzi və xidmət mərkəzi istifadəyə verilib.
“Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər içərisində təhsilin inkişafı və məktəb işi xüsusi yer tutur”, - deyə V.Talıbov kənd tam orta məktəbinin açılışında qeyd edib. O vurğulayıb ki, istifadəyə verilən Yurdçu kənd tam orta məktəbinin binası da ölkəmizdə təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamıdır.
V.Talıbovun sözlərinə görə, məktəb binasında yaradılan müasir tədris şəraiti ölkəmizin gələcək təminatçıları olan gənclərin hərtərəfli yetişməsinə imkan verəcək
“Yaradılan şəraitdən səmərəli istifadə etmək məktəb kollektivinin qarşısında duran əsas vəzifədir. Məktəbdə oxuyan hər bir şagird təhsilini başa vurduqdan sonra mütləq bir peşəyə yiyələnməlidir. 2015-ci ildə məktəbin məzunlarından 6-sı ali məktəblərə, 1-i orta ixtisas məktəbinə, 2 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Məktəbin uğurları onu deməyə əsas verir ki, burada qarşıya qoyulan vəzifələr düzgün icra olunmuş, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət, tələbkarlıq və çalışqanlıq əsasında qurulub”, - deyə Naxçıvan Muxtar Respublikasının başçısı bildirib.
O qeyd edib ki, bu nailiyyətlərin qazanılmasında xidməti olan müəllimlərin əməyi də dövlət tərəfindən qiymətləndirilib, müəllimlərdən 1-i “Tərəqqi” medalı, 2-si “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” fəxri adına layiq görülüb, 1 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. Ali Məclisin sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edib və Kəngərli rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərə kompüter dəsti hədiyyə edib.
4 mərtəbədən ibarət olan məktəb 270 yerlikdir. Müasir tədris avadanlıqları və zəruri inventarlarla təchiz olunan binada 3-ü elektron lövhəli olmaqla 15 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet və idman zalı var.
Kənd mərkəzində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün iş otaqları ayrılıb, 192 nömrəlik ATS quraşdırılan rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, kitabxana və klub istifadəyə verilib.
Q.Hüseynova