2015-ci ildə Azərbaycanda korrupsiya ilə bağlı faktlar ən çox bank və ticarət sahələrində müşahidə olunub. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
“Belə ki, ötən il bank sahəsinin 48 əməkdaşı barəsində 29, ticarət sahəsinin 37 əməkdaşı barəsində 38 cinayət işi qaldırılıb”, - deyə K.Əliyev bildirib.
O, həmçinin qeyd edib ki, təhsil sahəsində 20 nəfər barəsində 6, səhiyyə sahəsində 6 nəfər barəsində 6, sosial müdafiə sahəsində 10 nəfər barəsində 2 cinayət işi başlanıb. İcra hakimiyyətinin 6 əməkdaşı barəsində 5, özəl sektorun 22 işçisi barəsində 15 cinayət işi qaldırılıb.
Bundan başqa, tikinti sektorunda 31 əməkdaş barəsində 18, rabitə sahəsində 2 əməkdaş barəsində 2, “Azərsu” ASC-nin 6 əməkdaşı barəsində 2, sığorta sahəsinin 2 əməkdaşı barəsində 2 cinayət işi qaldırılıb.
K.Əliyev vurğulayıb ki, korrupsiya ilə kompleks mübarizə davam etdiriləcək və günahkar olan hər kəs, vəzifələrindən asılı olmayaraq cəzalandırılacaq.
F.İsazadə