Trans-Anadolu qaz kəmərinin tikintisi (TANAP) üzrə işlərin 20%-i yekunlaşıb. Bu barədə energetika naziri Natiq Əliyev cümə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
“Layihə üzrə işlər qrafikə uyğun tam sürətlə davam etdirilir. Ümumilikdə, kəmərin tikintisi çərçivəsində 450 kilometr əraziyə 320 kilometr boru düzülüb, boruların 200 kilometrində qaynaqlama işləri aparılıb, 2016-cı ildə 1000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması, beləliklə, qaynaqlama prosesinin 70%-nin yekunlaşdırılması nəzərdə tutulub”, - deyə nazir qeyd edib.
O, həmçinin məlumat verib ki, TANAP qaz kəmərinin tikintisində istifadə olunan boruların 80%-i Türkiyə, digər 20%-i isə Çin istehsalıdır.
“İqlim və ərazi şərtləri ilə bağlı problemlər ortaya çıxmazsa, layihənin vaxtında icrasında və hətta daha tez istifadəyə verilməsində problemlər olmayacaq”, - deyə N.Əliyev qeyd edib.
Nazir onu da vurğulayıb ki, 2016-cı ilin əvvəlində Trans-Adriatik boru kəmərinin (Trans-Adriatic Pipeline, TAP)) tikintisinə başlanılacaq.
“Trans-Adriatik” (TAP) boru kəməri layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil edilib. Layihənin həyata keçirilməsi üçün zəruri hazırlıq işləri görülüb və bu ilin əvvəlində onun inşasına başlanması gözlənilir”, - deyə o bildirib.
TANAP qaz kəmərinə Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1850 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.
Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.
TANAP layihəsi $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR (ARDNŞ) - 58%, BP - 12%, BOTAS - 30%.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2020-ci ilin əvvəlində başlanması nəzərdə tutulur.
TAP-ın digər səhmdarları ARDNŞ (20%), BP (20%), “Fluxys” (16%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
N. Abbasova