KPMG Beynəlxalq audit şirkəti Azərbaycan hökumətinə bəzi fəaliyyət növlərinə ƏDV üzrə sıfır dərəcəsinin tətbiqini tövsiyə edir. Bu barədə KPMG-nin Vergi və Hüquq Departamentinin rəhbəri Müşfiq Əliyev bazar ertəsi “Vergi sistemində inkişaf və əməletmə” mövzusuna həsr olunmuş 5-ci illik Vergi konfransında bildirib.
“Xüsusilə bəzi sahələr, məsələn, turizm və ya bəzi gündəlik tələbat məhsullarına ƏDV üzrə sıfır dərəcəsinin tətbiqini təklif edirik”, - deyə M.Əliyev qeyd edib.
Həmçinin KPMG Azərbaycanın bölgələrində yaradılan müəssisələrə müəyyən müddətə vergi güzəştlərinin tətbiqini təklif edir.
Şirkət artıq ödənilmiş vergilərin qaytarılması prosesini sadələşdirməyi, ƏDV depozit hesabımda toplanan vəsaitin ƏDV ödəyicisinin bank hesabına praktiki köçürülməsi imkanının yaradılmasını təklif edir.
Bundan başqa, yeni investisiya layihələri üzrə bütün zəruri vergilər nəzərə alınmaqla ilkin vergi sazişi («Advance Tax Ruling») təcrübəsinin tətbiqi təklif olunur.
Hazırda Azərbaycanda ƏDV üzrə dərəcə 18% təşkil edir.
A.Əzizov