Azərbayan Dövlət Opera və Balet Teatrında C.Puççininin “Bohema” operası nümayiş olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə teatrın mətbuat xidmətindən məlumat verilib.
“Bohema” operası dünya opera sənətinin incilərinə daxildir, melomanlar və opera sənətini sevənlər arasında böyük populyarlıq qazanıb. İstənilən italyan operası kimi ilk növbədə yadda qalandır. Bu dəfə də tamaşa böyük tamaşaçı auditoriyasının diqqətini cəlb edib.
Qeyd etmək lazımdır ki, Mimi partiyasının ifası üçün Ukrayna Milli Operanın solisti, Ukraynanın xalq artısti, beynəlxalq vokalçılar müsabiqələrinin laureatı Olqa Naqornaya dəvət olunub. Marselin partiyasını Belarus Respublikası Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti, beynəlxalq vokalçılar müsabiqələrinin laureatı Vladimir Qromov ifa edib.
Bununla yanaşı, tamaşada teatrın istedadlı vokalçıları - Azərbaycanın əməkdar artistləri İnarə Babayeva (Müzettanın partiyası), Fərid Əliyev (Rudolfun partiyası), Əkrəm Poladov (Kollenin partiyası) və xalq artisti Əli Əsgərov (Alsindoranın partiyası) iştirak ediblər.
Operanın dirijoru Azərbaycanın xalq artisti Cavanşir Cəfərov olub.
Tamaşadan sonra V.Qromov təəssüratları ilə bölüşüb: “Sizin tamaşalarda çıxış etmək təklifini böyük sevinclə qəbul edirəm. Şəhəriniz xoşuma gəlir, teatrınızın yüksək peşəkarlıq səviyyəsini və tamaşaçıların səmimiliyini bəyənirəm. Bugünkü tamaşa, digərləri kimi, yüksək səviyyədə keçdi. Orkestr və solistlər peşəkarcasına çıxış etdilər. Həmçinin opera ifaçılarının o qədər də tez rast gəlinməyən dramatik oyununu qeyd etmək istərdim. Gözəl teatrınızla gələcəkdə də əməkdaşlıq etmək ümidi və ən xoş təəssüratlarla şəhərinizi tərk edirəm”.
A.Zeydullayeva