"Deloitte & Touche" beynəlxalq audit şirkəti Azərbaycan hökumətinə nağdsız hesablaşmalara güzəştli vergi tətbiq etməyi təklif edir. Bunu “Deloitte Azerbaijan” şirkətinin rəhbəri Nuran Kərimov bazar ertəsi “Vergi sistemində inkişaf və əməletmə” mövzusuna həsr olunmuş 5-ci illik Vergi konfransında bildirib.
“Məsələn, pərakəndə ticarətdə ƏDV məbləğinə güzəşt təklif etmək olar”,- deyə N.Kərimov qeyd edib.
Bundan əlavə, müəyyən sahələrdə nağd ödənişlərin aparılmasına tam məhdudiyyət qoymaq mümkündür. “Misal üçün, bəzi ölkələrdə avtomobil alqı-satqısı yalnız nağdsız hesablaşmalarla həyata keçirilir”, - deyə o qeyd edib.
Şirkət direktoru bəzi gəlirlərdən nağd formada edilən xərclərin çıxılmasını, bir nəfər tərəfindən gün ərzində nağdlaşdırılmaya məhdudiyyət qoyulmasını, bankın komissiya haqlarının azaldılmasını təklif edib.
A. Axundov