Azərbaycan hökuməti 3,5 mln.-dan artıq şəxsin əmək haqlarını artırmaq niyyətindədir. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bəyan edib.
“Yaxın günlərdə digər sosial ödənilərin, o cümlədən əmək haqlarının müvafiq qaydada artırılmasına dair fərman və sərəncamların imzalanması nəzərdə tutulur”, - deyə İ.İsayev bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, gözlənilən əmək haqqı artımı 3,6 mln. nəfəri əhatə edəcək.
“Respublika ictimaiyyəti əmin olmalıdır ki, əhalinin sosial müdafiəsinin etibarlı təminatı və qiymət artımının rifaha mənfi təsirinin minimuma endirilməsi üçün bütün müvafiq tədbirlər görüləcək”, - deyə o qeyd edib.
O, prezident İ.Əliyevin əmək pensiyalarının baza hissəsinin artırılması haqqında verdiyi sərəncama da toxunub. "Bu sərəncamla 1 mln. 271 min pensiyaçının əmək pensiyalarının baza hissəsi artacaq", - deyə o qeyd edib.
"Şəhid ailələrinə verilən aylıq pensiyanın artırılması haqqında dövlət başçısının imzaladığı fərman 13487 şəhid ailəsini əhatə edir ", - deyə nazir müavini əlavə edib.
20 yanvar hadisələri zamanı əlil olmuş şəxslərin pensiyasının artırılması haqqında fərmana gəlincə, nazirliyin nümayəndəsi qeyd edib ki, bu fərman 317 nəfərə şamil edilir, məcburi köçkünlərə aylıq verilən müavinətin məbləği isə bu kateqoriyadan olan 566 min nəfəri əhatə edir.
F.İsazadə