Azərbaycan prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib. Bu barədə rəsmi mətbuat məlumat verib.
Prezident bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər və bu proses indi də davam edir. Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi diqqətə çatdırıb.
Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən İ.Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib.
B.Rüstəmbəyov