Azərbaycan prezidenti İlham Əliyev hökumətə manatın etimadının bərpası və geniş özəlləşdirmə proqramının hazırlanması ilə bağlı ciddi tədbirlərin görülməsinə dair tapşırıq verib.
Bazar ertəsi prezident İ.Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirib.
Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyəti yoxdur, manatın məzənnəsinin sabit saxlanması isə təkcə hökumətdən asılı deyil.
Bundan əlavə, prezident beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.
“Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır”, - deyə İ.Əliyev bildirib.
Prezident həmçinin bəyan edib kii, Milli Məclisin yanvarın 19-da keçiriləcək növbədənkənar iclasında valyuta bazarının tənzimlənməsinin möhkəmləndirilməsi məsələlərinə baxılacaq. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub.
“Bu sahədə də inkişaf etmiş ölkələrin təcrübəsi, beynəlxalq praktika Azərbaycanda tətbiq edilməlidir. 2008-2009-cu illərin dünya iqtisadi böhranı zamanı inkişaf etmiş ölkələr tərəfindən atılmış addımlar təhlil edilir və biz də daxili iqtisadi vəziyyəti nəzərə alaraq düşünülmüş addımlar atmalıyıq. Əlbəttə, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalır, valyuta bazarının tənzimlənməsi bu istiqamətdə önəmli tədbirlərdən biridir”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını əlavə edib.
O, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.
A.Axundov