İqtisadiyyat Nazirliyi quşçuluq sahəsinin inkişafı imkanlarını öyrənəcək. Bu barədə nazirlikdən məlumat verilib.
“İqtisadiyyat Nazirliyində Azərbaycan Quşçular Cəmiyyətinin və 10-dan artıq quşçuluq təsərrüfatının nümayəndələrinin iştirak etdiyi görüşdə quşçuluğun inkişafı, quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi və bu sahədə ixrac potensialının artırılması, sənaye üsulu ilə quş əti istehsalının daha da artırılması imkanları barədə müzakirələr aparılıb”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, görüşün məqsədi quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün tədbirlər barədə təkliflər hazırlamaqdır.
“Quşçuluq müəssisələrinin nümayəndələri toyuq əti və yumurtanın maya dəyərinə təsir edən əsas amillər - yem əlavələri, baytarlıq preparatları və vaksinləri, məhsulların satış şərtləri, yem bazasının artırılması üçün əlavə torpaq sahələrinin ayrılması barədə təkliflərini bildiriblər”, - deyə məlumatda bildirilir.
Görüşün yekunları üzrə səsləndirilən təkliflərin diqqətlə öyrənilməsi və onların həyata keçirilməsi imkanlarının araşdırılmasına dair qərar qəbul edilib.
N.Abbasova