2015-ci ildə Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 10 mlrd. 525 mln. 54,775 min manat təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 21% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Əməliyyatların əsas hissəsi törəmə qiymətli kağızlarla həyata keçirilib, 2015-ci ildə onların həcmi 6 mlrd. 194 mln. 376,766 min manat təşkil edib (artım 41%).
Komitənin məlumatına görə, 2015-ci ildə Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 12% - 4 mlrd. 186 mln. 121,93 min manata qədər azalıb.
Xüsusilə səhmlərlə əməliyyatların həcmi 656 mln. 948,966 min manat (azalma 49%), o cümlədən ilkin bazarda 272 mln. 818,223 min manat (azalma 76%), təkrar bazarda 384 mln. 130,743 min manat (artım 2,7 dəfə) təşkil edib.
Hesabat dövründə korporativ istiqrazlarla əməliyyatların həcmi 2% - 3 mlrd. 529 mln. 172,964 min manata qədər artıb, o cümlədən ilkin bazarda manatda nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 1 mlrd. 627 mln. 266,538 min manat (artım 8,5 dəfə), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 13 mln. 841,685 min manat (azalma 99,3%), təkrar bazarda manatda nominallaşdırılmış istiqrazlarla 1 mlrd. 869 mln. 501,613 min manat (artım 46,2%), təkrar bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 18 mln. 563,128 min manat (artım 3,9 dəfə) təşkil edib.
Komitənin məlumatına görə, 2015-ci ildə dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 97% - 144 mln. 556,079 min manata qədər azalıb. Xüsusilə hesabat dövründə Maliyyə Nazirliyinin istiqrazları ilə əməliyyatların həcmi 20 mln. 793,459 min manat (azalma 81%) təşkil edib, repo əməliyyatları 97% - 123 mln. 762,62 min manata qədər azalıb.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda qiymətli kağızlarla əməliyyatların həcmi 2013-cü illə müqayisədə 50% - 13,2 mlrd. manata qədər artıb.
A.Axundov