Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə bazar ertəsi dövlət başçısının rəsmi saytında məlumat verilib.
Prezident İ.Əliyev İqtisadiyyat Nazirliyinə ixrac yönümlü istehsala verilən kreditlərə əlavə güzəştlərin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməyi və potensial ixrac bazarları ölkələrində logistika mərkəzlərinin yaradılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməyi tapşırıb.
Həmçinin Nazirlər Kabineti kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi mexanizmi, xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsi və ödənilmə mexanizmi məsələlərini tənzimləyən normativ hüquqi aktların layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
A.Axundov