Prezident İlham Əliyev investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bu barədə bazar ertəsi dövlət başçısının rəsmi saytında məlumat verilir.
Bu fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib.
İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulan güzəştlərdən istifadə etməyə imkan verir.
Nazirlər Kabinetinə investisiya layihələrinin seçim meyarlarını müəyyənləşdirmək, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
İqtisadiyyat Nazirliyi sahibkara sənəd verildikdən sonra 3 gün ərzində bu barədə Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə məlumat verir.
Nazirlər Kabineti investisiya təşviqi sənədinin və həmin sənədi almaq üçün ərizənin formalarını bir ay müddətində təsdiq etməlidir.
A.Axundov