Milli Məclis çərşənbə axşamı plenar iclasda “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri qəbul edib.
Dəyişikliklərə əsasən, Azərbaycanda birbaşa investisiyalar, qiymətli kağızlar, daşınmaz əmlak və torpaq alışı üçün xaricə köçürülən valyuta həcmindən 20% yığım tətbiq olunacaq.
Xüsusilə hüquqi şəxs törəmə cəmiyyət, filial, nümayəndəlik və xaricdə digər struktur şöbəyə vəsaitin köçürülməsi zamanı bir təqvim ili ərzində köçürülən vəsaitin həcmi 50 min ABŞ dolları ekvivalentindən yuxarı olarsa, bu məbləğin 20%-ni rüsum olaraq ödəməlidir.
Əgər bir təqvim ili ərzində fiziki şəxsin (və ya yaxın qohumunun) adına xaricdə açılan hesabına köçürülən vəsaitin həcmi 50 min ABŞ dolları ekvivalentindən yuxarı olarsa, bundan artıq məbləğin 20%-i miqdarında icbari yığım tutulacaq. Bu, fiziki şəxslərin hesab açılmadan həyata keçirdikləri xarici valyutada köçürmələrinə də aiddir.
Bununla yanaşı, həmin məhdudiyyətlər müalicə, təhsil, məhkəmə və hüquq-mühafizə orqanlarının qərarlarının xaricdə icrası xərcləri ilə bağlı valyuta köçürmələrinə aid deyil.
İnzibati Xətalar Məcəlləsinə qəbul edilən dəyişikliklərə əsasən isə, qeyd olunan yığımların ödənilməməsinə görə ödənilməmiş məbləğdə cərimə tətbiq edilir.
A.Axundov