Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında investisiyaların təşviqi ilə bağlı sahibkarlar üçün vergi və gömrük güzəştləri təsdiq edilib.
Parlament Vergi Məcəlləsinə dəyişiklikləri və “Gömrük tarifləri haqqında” qanunu təsdiq edib.
Bu güzəştlər İnvestisiya təşviqi sənədini almış sahibkarlara şamil ediləcək.
Vergi Məcəlləsinə dəyişikliklər 7 il ərzində gəlir vergisi və ya mənfəət vergisinə 50% güzəşt tətbiq edilməsini, əmlak, torpaq vergisinin, eləcə də texnika, texnoloji avdanlıq və qurğuların idxalı zamanı ƏDV-nin ləğv edilməsini nəzərdə tutur.
“Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliklərə əsasən, texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı gömrük rüsumları ləğv edilir.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nı təsdiq edib.
Dövlət başçısının imzaladığı fərmana əsasən, Nazirlər Kabineti investisiya layihələrinin seçim meyarlarını, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrini, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidlərini müəyyənləşdirməlidir.
A.Axundov