Azərbaycan prezidenti İlham Əliyev Davosda bir sıra görüşlər keçirib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Prezident İ.Əliyev İran İslam Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.
Dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidenti və xalqına təbriklərini çatdırıb. Azərbaycan prezidenti bildirib ki, bu, ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə daha sürətli inkişafına töhfə verəcək. İ.Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan-İran əlaqələri ölkələrimizin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsi işinə töhfə verəcək.
“Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi ilə bağlı da geniş fikir mübadiləsi aparıldı. Bank, nəqliyyat və digər istiqamətlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulandı”, - deyə məlumatda qeyd olunur.
Sanksiyaların götürülməsindən sonra İranın imkanlarının genişləndiyini vurğulayan M.Nəhavəndian bildirib ki, Azərbaycan ilə İran bundan istifadə edərək digər ölkələrin də iştirakı ilə yeni layihələr reallaşdıra, əməkdaşlığı daha da dərinləşdirə bilər.
Görüşdə Azərbaycan ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığı bildirilib. Həmçinin sənaye, elektrik stansiyalarının tikintisi, sərmayə qoyuluşu və digər sahələrdə yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
“İ.Əliyev və M.Nəhavəndian terrorizmə qarşı səylərin birləşdirilməsinin regionda təhlükəsizliyin və sabitliyin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğuladılar”, - deyə məlumatda deyilir.
Bundan başqa, Azərbaycan prezidenti “Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb. Prezident bildirib ki, Azərbaycan yüksək reytinqə malikdir. Onun sözlərinə görə, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.
Söhbət zamanı Azərbaycan ilə “Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edilib, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, prezident İ.Əliyev Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərovla da görüşüb.
“Görüşdə qeyd olunub ki, “LUKOIL” şirkəti 20 ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. “LUKOIL” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir. Söhbət zamanı Azərbaycan ilə “LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu”, - deyə məlumatda vurğulanır.
Azərbaycan prezidentinin Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub.
Görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinin Abşeron yarımadasının dayazsulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulanıb.
Prezident İ.Əliyevin Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlu ilə görüşündə isə regionda vəziyyət müzakirə olunub.
“Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.
A.Əzizov