“Alfa Sıgorta” şirkəti Yaşıl Kart (Green Card) sistemində fəaliyyət göstərmək hüququ əldə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
“Alfa Sıgorta” Yaşıl Kart sistemində xidmət təqdim etmək hüququna malik olan sığortaçıların reyestrinə daxil edilib”, - deyə məlumatda bildirilir.
Beləliklə, Azərbayanda Yaşıl Kart sisteminə daxil edilən sığortaçıların ümumi sayı 12-yə çatıb
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 50-2-ci maddəsinə uyğun olaraq, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sığortaçılarının reyestrinə daxil olmalıdırlar.
Azərbaycan 2016-cı il yanvarın 1-dən Yaşıl Kart sisteminə üzv olan ölkələrin Cənub-Şərq Qrupuna daxil olub. Tranzit üzvlük 10 il müddətinə nəzərdə tutulub. Azərbaycanı Yaşıl Kart sistemində İSB təmsil edir.
Yaşıl Kart - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları olan ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir.
1949-cu ildə Londonda avtomobil sığortaçılarının beynəlxalq konfransında BMT-nin İqtisadi və Sosial Şurasının tövsiyələri qəbul edilib və rəsmi olaraq mənzil-qərargahı Londonda yerləşən Büro Şurasının əsası qoyulub. 1951-ci ildə Büro Şurasının birinci rəsmi toplantısı baş tutub. Toplantıda sistemə üzv ölkələrin milli büroları arasında sazişin modeli razılaşdırılıb və Yaşıl Kart-lar üçün vahid standartlar qəbul edilib. Yaşıl Kart-a dair saziş 1953-cü il yanvarın 1-dən qüvvəyə minib. Sazişə əsasən, üzv ölkələrin hər biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətindən 16-sı İSB-nin üzvüdür. Bununla yanaşı, 11 sığorta şirkəti AVSMMİS üzrə xidmətlər təqdim edir.
A.Əzizov