Mövcud şəraitdə Azərbaycan hökumətinin əsas məqsədi makroiqtisadi sabitliyin təminatı və inflyasiyanın aşağı səviyyədə saxlanılmasıdır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun saytında dərc edilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı məqalədə yazır.
“2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4%-i ötməyib. Biz bu göstəricini 2016-cı ildə də aşağı səviyyədə saxlamağa çalışmalıyıq”, - deyə dövlət başçısı qeyd edir.
Prezident gələcəkdə ölkədə biznes mühiti yaxşılaşdırmağa imkan verən, lazımsız yoxlamaları aradan qaldıran və lisenziyalaşdırmanı sadələşdirən iqtisadi islahatların mühüm rolunu vurğulayıb.
“Dünyada davam edən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatın mənfi təsirdən qorunması üçün mümkün olan hər şey edir”, - deyə o yazır.
Prezident İ.Əliyev qeyd edib ki, qeyri-neft sektoru ölkədə iqtisadi inkişafın təkanverici qüvvəsidir. “ÜDM-in təxminən 70%-i qeyri-neft sektorunun payına düşür. Məqsədimiz gələcək illərdə bu sahəni sürətlə inkişaf etdirməkdən ibarətdir”, - deyə prezident bəyan edib.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, ölkənin zəngin neft-qaz ehtiyatları energetika sahəsində böyük işlər görməyə imkan yaradır. “Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzdan kənara çıxaraq ölkə və qitələri birləşdirir”, - deyə o qeyd edib.
Prezident məqaləsində nəqliyyat, hava əlaqəsi, rabitə və informasiya texnologiyaları, əhaliyə dövlət xidmətlərinin göstərilməsi, infrastruktur layihələri, turizm sahələrində reallaşdırılan layihələr barədə də söz açıb.
A.Axundov