Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya “Cənub qaz dəhlizi”nə qoşulmaq istəyir. Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun saytında dərc edilmiş “Azərbaycan iqtisadiyyatının gələcəyi” adlı məqaləsində belə deyilir.
“Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi nəticəsində bir sıra ölkələr Azərbaycan qazı və alternativ qaz resurslarından istifadə imkanı əldə edəcəklər. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya artıq layihənin iştirakçılarıdır. Eyni zamanda, Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya anlaşma memorandumları imzalayıblar və layihəyə qoşulmaq istəyirlər”, - deyə prezident yazır.
Dövlət başçısı xatırladıb ki, “Şahdəniz” yatağının qaz-kondensat ehtiyatları 1 trln. kubmetrdən çoxdur. Azərbaycanın təsdiq edilmiş ümumi qaz ehtiyatları isə 2,6 trln. kubmetr təşkil edir.
“Cənub qaz dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Layihənin dəyəri $45-48 mlrd. təşkil edir. Layihənin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişlənməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq.
A.Axundov