Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Ramiz Bəşirova məxsus baqaja baxış zamanı külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
R.Bəşirova məxsus baqaj rentgen aparatı ilə yoxlanılarkən monitorda zərgərlik məmulatına bənzər əşyaların təsvirləri görünüb.
Təkrar yoxlama zamanı R.Bəşirova məxsus iki çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim edilməyən, ümumilikdə 19 ədəd qolbaq, 15 ədəd boyunbağı, 14 cüt sırğa və 1 ədəd üzük aşkar olunub.
İş üzrə izahatında R.Bəşirov aşkar edilən qızıl-zinət əşyalarının ona məxsus olduğunu və İstanbul şəhərində əldə etdiyini söyləyib. Faktla bağlı araşdırma aparılır.
B.Rüstəmbəyov