Azərbaycan hökuməti və Dünya Bankı (DB) birgə inkişaf proqramının hazırlanması və biznes mühitinin daha da yaxşılaşdırılması üzrə əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə ediblər. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunur.
Bu razılıq iqtisadiyyat naziri Şahin Mustafayevin DB-nin Azərbaycan üzrə meneceri Larisa Leşenko və region üzrə proqram rəhbəri Raşmi Şankarın daxil olduğu nümayəndə heyəti ilə görüş zamanı əldə olunub.
Ş.Mustafayev Dünya Bankı və Azərbaycan arasında yeni iqtisadi şəraitdə bankla daha sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb.
L.Leşenko qeyd edib ki, vaxtilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər hazırkı iqtisadi vəziyyətdən daha az təsirlərlə çıxmağa imkan yaradır. Bankın nümayəndələri isə əhalinin sosial müdafiəsi, əmanətlərin qorunması, kapital axınının qarşısının alınması, iqtisadi diversifikasiyanın sürətləndirilməsi üzrə qısa müddətdə lazımi tədbirlərin görülməsini yüksək qiymətləndiriblər.
R.Şankar yeni iqtisadi şəraitin ölkə iqtisadiyyatının strukturunun təkmilləşdırılməsinə, rəqabət qabiliyyətinin və ixracın artırılmasına yeni imkanlar yaratdığını bildirib. R.Şankar bu şəraitdə birgə inkişaf proqramının hazırlanması və "Dünya Bankının inkişaf siyasətinə maliyyə dəstəyi" aləti çərçivəsində bu proqramın icrasına dəstəyin göstərilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat verib.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. İndiyədək bank Azərbaycanda 50-dən çox layihənin reallaşdırılmasına ümumilikdə $3,3 mlrd.-dan artıq məbləğdə kredit və qrant ayırıb.
A.Axundov