Xalq diplomatiyası çərçivəsində Bakıya gələn ermənilər paytaxtda erməni kilsəsini, erməni dilindəki əlyazmaların qayğı ilə qorunduğunu gördükdə təəccüblənirlər. Bunu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla söyləyib.
“Xalq diplomatiyası çərçivəsində Bakıya gələn ermənilər paytaxtda erməni kilsəsini, erməni dilindəki əlyazmaların qayğı ilə qorunduğunu gördükdə təəccüblənirlər. Onlar Moskvaya zəng vuraraq Bakıda hansısa əlyazmanı gördüklərini bildirilər. Bu, Azərbaycan xalqının dini, mənəvi və intellektual dəyərlərə verdiyi qiymətin təzahürüdür”, - deyə K.Abdulla Azərbaycanda “Multikulturalizm ili”nə həsr edilmiş mətbuat konfransında çıxışı zamanı bildirib.
“Dünya yavaş-yavaş anlamağa başlayıb ki, Azərbaycanda “ermənifobiya” yoxdur. Biz hər addımımızla sübut edirik ki, “ermənifobiya” ilə yaşamırıq”,- deyə o qeyd edib.
K.Abdullanın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında xalq diplomatiyasının davam etməsi maraqlı ola bilər və üçüncü ölkələr də bunu görmək istəyir.
“Lakin ermənilər bundan imtina edirlər. Azərbaycan xalqı ermənilərlə dinc şəkildə birgə yaşamaq potensialına malikdir. Həmçinin Qarabağ münaqişəsinin nizamlanması potensialı da tükənməyib. Biz sülh tərəfdarıyıq”, - deyə dövlət müşaviri vurğulayıb.
A.Zeydullayeva