Sloveniya Milli Şurası ölkə hökumətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlik səylər çərçivəsində BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı müvafiq qətnamələrini dəstəkləməyi təklif edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, sənəddə qeyd edilir ki, Sloveniya Milli Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırır.
Sənəddə bütün hallarda etnik təmizləmə, qırğın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin kəskin pislənilməli olduğu qeyd olunaraq, bu xüsusda Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın insanlığa qarşı cinayət olduğu vurğulanıb.
Təşəbbüsdə BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrində Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunaraq, münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə BMT TŞ-nin müvafiq dörd qətnaməsinə əsaslanmalı olduğu bildirilir.
F.İsazadə