Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müxtəlif, həmçinin müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi ilə bağlı 105 mindən artıq əcnəbi müraciət edib. Bu barədə Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev bəyan edib.
“Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ötən il ümumilikdə 105 min 550şəxs tərəfindən müraciət daxil olub”, - deyə F.Nəbiyev 2015-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuşxidməti müşavirədə bildirib.
Onun sözlərinə görə, müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
“Ötən il Azərbaycan prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib”, - deyə xidmət rəisi qeyd edib.
F.Nəbiyev deyib ki, hesabat dövründə müraciətlər əsasında 53,200 min şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2,640 min şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb.
F.İsazadə