Maliyyə Nazirliyi 2016-cı ildə xarici valyutada dövlət istiqrazlarının buraxılışını bərpa etməyi planlaşdırır və onların buraxılmasına başlayacaq. Bu barədə maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində bildirib.
“Yaxın vaxtlarda Dövlət Xəzinədarlığı Agentliyi dövlət istiqrazlarının buraxılmasına başlayacaq. Manatla istiqrazlar üzrə yüksək gəlirlilik dərəcələri təklif edəcəyik, həmin dərəcələr inflyasiya səviyyəsini ötəcək. Əgər inflyasiya 10% səviyyəsində olacaqsa, 11-12%-lə dərəcələr təklif etməyə hazırıq”, - deyə S.Şərifov qeyd edib.
Bundan başqa, Maliyyə Nazirliyi daxili bazar üçün xarici valyutada istiqrazlar təklif edəcək.
“Hazırda ölkədə iri həcmdə xarici valyuta var. Bu valyuta işləmir, sahiblərinə gəlir gətirmir. Xarici valyutanın işləməsini təmin etməliyik. Xarici valyutada istiqrazlar üzrə aşağı səviyyədə gəlirlilik dərəcəsi təklif edəcəyik - dollarla olan istiqrazlar üçün bu, 3% səviyyəsində olacaq”, - deyə S.Şərifov bəyan edib.
Nazirin sözlərinə görə, dövlət istiqrazları 2016-cı ildə dövlət büdcəsinin kəsirinin ödənilməsi mənbələrindən biri olacaq.
“2016-cı ildə kəsirin ödənilməsi mənbələri kimi vahid xəzinədarlıq hesabında 1,4 mlrd. manat həcmində qalıq vəsait və dövlət istiqrazları çıxış edəcək”, - deyə S.Şərifov bildirib.
A.Axundov