Əmanətlərin Sığortalanması Fondu (ADIF) bu həftə “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bankları müəyyən edəcək. Bu barədə ADIF-dən məlumat verilib.
“22 yanvar 2016-cı il tarixi “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. Bununla əlaqədar ADIF 7 təqvim günü ərzində “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat verəcək”, - deyə məlumatda deyilir.
Fond bankda qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə (50 mln. manat - İF-Az), məcmu kapitalının adekvatlıq əmsalı 3%-dən az olduğuna, kreditorlar qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin lisenziyası ləğv edilib.
“Bank of Azerbaijan” 1993-cü ildən fəaliyyət göstərir. Son 3-4 ildə bank maliyyə çətinlikləri ilə üzləşib.
A.Axundov