Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə martın 10-11-də Bakı şəhərində “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat verib.
Sərəncamda Tədbirlər Planının icrasına məsul qurumlara forumla bağlı tədbirlərin yerinə yetirilməsi tapşırılır.
Tədbir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
Artıq 4 ildir ki, təşkil olunan bu ənənəvi forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
“Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunda Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət başçılarının iştirakı planlaşdırılır.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan forum Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq.
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.
2013-2015-ci illərdə forum Bakıda prezident İlham Əliyevin iştirakı ilə keçirilib.
R.Babayev