Azərbaycanı və ATƏT-i birləşdirən ümumi dəyərlər Avropa regionunda təhlükəsizliyə və əməkdaşlığın təmin olunmasına xidmət edir. Bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova ATƏT Parlament Assambleyası sədrinin müavinləri Georgi Tsereteli və Kent Harstedt, ATƏT PA-nın baş katibi Roberto Montella ilə görüşü zamanı bəyan edib.
B.Muradova bildirib ki, Bakının ATƏT ilə uzun illər ərzində əməkdaşlığı bu dəyərlərin regionda, o cümlədən Azərbaycanda qorunması və inkişafı işinə töhfə verir.
ATƏT və Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirən vitse-spiker gələcək ümumi hədəflərin olduğunu da diqqətə çatdırıb.
B.Muradova diqqəti 1 noyabr 2015-ci il tarixində Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə cəlb edib.
Milli Məclis sədrinin müavini qeyd edib ki, hazırda qlobal iqtisadi böhran, onun müxtəlif regionlara, o cümlədən ATƏT-ə ciddi təsirləri iqtisadi çətinliklər yaratmaqla bərabər, digər problemlərin, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müəyyən mənada çətinləşdirir. O, bu çətinliklərin həlli üçün tədbirlər görülməsinin vacibliyini qeyd edib.
G.Tsereteli Azərbaycan nümayəndə heyətinin assambleyada kifayət qədər güclü səsinin olduğunu deyib. O bildirib ki, bütün bunlar həm Bakının, həm də nümayəndə heyətinin fəaliyyətinin dəyərini olduqca artırır.
G.Tsereteli ATƏT ilə Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. Parlament Assambleyası sədrinin müavini Dağlıq Qarabağ probleminin, ümumiyyətlə cəbhə xəttindəki gərginliklərin ATƏT-i narahat etdiyini söyləyib.
R.Babayev