Yanvarın 25-də prezident İlham Əliyev Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin yaradılması haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc edilmiş fərmana əsasən, yeni idarə Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək.
İdarə Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə yaradılır.
Fərmana əsasən, Gəncə şəhərinin inzibati ərazisində sərnişin daşınmasının inkişaf etdirilməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək, o cümlədən idarənin maddi-texniki təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.
A.Əzizov