Prezident İlham Əliyev fevralın 1-dən etibarən əlillik üzrə müavinətin məbləğinin 10% - 66 manata qədər artırılması haqqında fərman imzalayıb.
Dövlət başçısının saytında dərc edilmiş fərmana əsasən, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10% artırılır.
Digər fərmana əsasən, fevralın 1-dən 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinintəqaüdünün aylıq məbləği 10% artırılaraq 110 manat müəyyən edilib.
Bundan başqa, 1 fevral 2016-cı il tarixindən etibarən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 10% artırılacaq.
Əmək qabiliyyətinin itirilməsi zamanı 29%-ə qədər aylıq müavinət 30 manatdan 33 manatadək; 30%-dən 59%-dək aylıq müavinət 40 manatdan 44 manatadək; 60-79% aylıq müavinət 50 manatdan 55 manatadək; 80%-dən artıq aylıq müavinət 60 manatdan 66 manatadək; ölüm hadisəsi zamanı 70 manatdan 77 manatadək artırılıb.
A.Axundov