Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bildirir ki, on gün ərzində Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 23 fərman və sərəncam imzalanıb. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Dövlət başçısının imzaladığı fərmana əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 66 manata çatdırılır. Fərmanın əhatə etdiyi şəxslərin sayı 18525 nəfərdir. Qeyd olunan artım üçün dövlət büdcəsindən ilin sonunadək 1,2 milyon manat əlavə vəsait xərclənəcək.
Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə a Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Sərəncam ümumilikdə 447 nəfər şəxsi əhatə edir və artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 49, 2 min manat əlavə vəsait ayrılacaq.
Azərbaycan Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması barədə 25 yanvar 2016-cı il tarixli Fərmanı ümumilikdə 869 nəfərə şamil olunacaq. Fərmanla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır. Bu artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 47,6 min manat əlavə vəsait ayrılacaq.
ƏƏSMN bildirir ki, Azərbaycan Prezidentinin 25 yanvar 2016-cı il tarixli fərman və sərəncamlarında nəzərdə tutulan artımların fevral ayının 1-dən ödənilməsinə başlanılacaq.
Prezident ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə cari ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 (iyirmi) milyon manat ayrılması barədə sərəncam imzalayıb.
R.Babayev