Azərbaycanda mürəkkəb iqtisadi vəziyyət dünya iqtisadiyyatında böhrandan qaynaqlanır. ANS telekanalının məlumatına görə, bu barədə prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bəyan edib.
“Biz uzun illər ərzində yüksələn xətlə inkişaf etmişik. Hazırda bizdən asılı olmayan səbəblərdən dünya iqtisadiyyatında tənəzzül müşahidə edilir. Biz də dünya iqtisadiyyatının bir hissəsiyik. Biz özümüzü dünya birliyi, dünya iqtisadiyyatından təcrid etməmişik. İnteqrasiya etmişik, açıq bazar iqtisadiyyatı, liberal iqtisadi siyasət yürütmüşük, bu səbəbdən bu, bizə də təsir edir”, - deyə prezident qeyd edib.
2015-ci ilin ağır il olduğunu vurğulayan prezident İ.Əliyev bu dövrün 90-cı illərlə müqayisədə çətin olmadığını və ölkənin böhranın öhdəsindən gələcəyinə ümidvar olduğunu deyib. “Biz qətiyyətlə inkişaf edəcəyik. Qarşıda duran bütün vəzifələri icra etməliyik”, - deyə dövlət başçısı bildirib.
Konfransda maliyyə, vergilər, iqtisadiyyat nazirləri, Mərkəzi Bankın İdarə Heyətinin sədri, dövlət və hökumət rəsmiləri, iş adamları iştirak ediblər.
A.Axundov