Erməni tərəfi Azərbaycan meşələrini məhv edir, ölkə ərazisindən axan çayları zəhərləyir. Bu barədə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA-nın qış sessiyasında çıxışı zamanı bəyan edib.
“Ermənistan işğalçı ölkədir, lakin özünü təmizə çıxarmağa çalışır. Volter və Markoviçin hesabatları fakt və tədqiqatlara əsaslanır. Fakt və rəyləri heç kəs inkar edə bilməz”, - deyə R.Hüseynov bu gün AŞPA-nın sessiyasında müzakirə olunan “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın
sərhədyanı rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamələrin layihələrinə münasibət bildirərkən vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycanla həmsərhəd ərazilərdə mülki şəxsləri təqib edir.
“Ermənistan silahlı qüvvələri həmsərhəd ərazilərdə mülki şəxsləri təqib edir və hətta düşərgələr yaradırlar. Onlar Azərbaycanın meşələrini məhv edir, qəsdən çayları zəhərləyirlər”, - deyə R.Hüseynov bildirib.
O deyib ki, Sərsəng su anbarı bir çox insanın faciəsini əks etdirir.
“Məruzədə həmin iztirabların bir hissəsi əks olunub. Və əlbəttə ki, burada məruzəçilər bitərəfdirlər. Onlar nə Ermənistanın, nə də Azərbaycanın tərəfindədirlər. Onlar hər iki ölkəyə yardım etməyə çalışırlar. Ermənistan isə sadəcə olaraq qulaq və gözlərini yumaraq həqiqəti görmək istəmir. Qulaqları və gözləri açmaq lazımdır, çünki bu cür münasibət sizi uçuruma aparır”, - deyə R.Hüseynov qeyd edib.
R.Babayev