Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən iqtisadiyyatın inkişafına 70 mln. 221 min manat həcmində kredit ayrılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan MR üzrə İdarəsinin ötən ilin yekunlarına dair məlumatında deyilir.
Bunun 26 mln. 627 min manatı qısamüddətli, 43 mln. 594 min manatı isə uzunmüddətli kreditlərin payına düşüb. 20 mln. 860 min manat həcmində vəsait kənd təsərrüfatı, 14 mln. 318 min manat sənaye, 7 mln. 162 min manat nəqliyyat və digər sahələrin inkişafına yönəldilib.
2014-cü illə müqayisədə kreditləşmənin həcmi 20 mln. 499 min manat artıb. Kreditlər əsasən dövlət proqramlarının icrası, real sektor, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib.
Belə ki, 2015-ci il ərzində verilən kreditlərin 29,7%-i kənd təsərrüfatı sahəsinin inkişafı, ənənəvi istehsal və kiçik emal sahələrinin bərpasına yönəldilib.
Muxtar respublikada qəbul edilən dövlət proqramlarına uyğun olaraq kreditlər əsasən prioritet hesab olunan sahələrə - toxum və əkin materialları, emal avadanlığının alınması, heyvandarlığın inkişafına ayrılıb.
Q.Hüseynova