SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Heydər Əliyev adına Neft Emalı Zavodunda qənaət rejiminin gücləndirilməsi işlərinə start verilib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
“Zavodda suyun məsrəfinə nəzarəti təmin etmək üçün istehsalat sahələrində əlavə olaraq 90 ədəd müxtəlif ölçülü su sayğacının quraşdırılmasına başlanılıb. İstifadə olunan buxar və yanacağa qənaəti gücləndirmək məqsədi ilə müvafiq tədbirlər görülür, əlavə hesabat qovşaqları (daraldıcı quruluşlar və ölçü qurğuları) yaradılır. Görülən işlər nəticəsində artıq müəssisədə xeyli miqdarda su, buxar və elektrik enerjisinə qənaət olunub”, - deyə məlumatda qeyd edilir.
Bundan əlavə, quru qazın metildietanolaminlə təmizlənməsi prosesinin tətbiqinə başlanılıb ki, bu da kaustik sodaya qənaət olunması, 202 və 305 nömrəli neftin ilkin emalı qurğularının, eləcə də 401 nömrəli bitum qurğusunun maksimum məhsuldarlıqla istismarı, elektrik və istilik enerjilərinə, kənardan alınan bütün növ sulara qənaət olunmasına şərait yaradır.
Məlumatda vurğulanır ki, bu işlər 2015-ci ilin dekabr ayında SOCAR prezidenti Rövnəq Abdullayevin “Maliyyə dayanıqlığı və xərclərin optimallaşdırılması haqqında” müvafiq əmrinin icrası ilə əlaqədar aparılır.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.
N.Abbasova