Yanvarın 26-da Bakıda NATO-nun "Hərbi Dəniz Qüvvələri standartları" mövzusunda təlim kursu başlayıb.
Kurslar Müttəfiq Dəniz Qüvvələrinin Qərargah rəisi vitse-admiral Corco Latsionun rəhbərlik etdiyi Mobil Təlim Qrupu tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi
Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilir.
Kurs müddətində iştirakçılara "Hərbi Dəniz Qüvvələrinin fəaliyyət istiqamətləri", "Əməliyyat İmkanları Konsepsiyası Proqramının elektron məlumat bazası", "NATO Hərbi Dəniz Qüvvələri standartlarına müvafiq sənədlərlə tanışlıq", "Sertifikatlaşdırma prosesi", "Təlimin planlaşdırılması" və s. mövzular üzrə məruzələr təqdim olunacaq.
Vitse-admiral C.Latsionun rəhbərlik etdiyi nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin yeni bazasında və Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində görüşlər də keçirib.
Təlim kursu yanvarın 28-dək davam edəcək.
R.Babayev