“AGBank” və “DəmirBank” birləşir. Bu barədə “AGBank”ın məlumatında deyilir.
"AGBank" ASC və "DəmirBank" ASC arasında konsolidasiya ilə bağlı ilkin protokol imzalanıb.
“Həm kadr potensialı, həm geniş xidmət şəbəkəsi,həm də təcrübə baxımından hər iki bank bazarda aparıcı banklardandır. Banklar resurslarını birləşdirməklə daha güclü, dayanıqlı olmaqla yanaşı, sinerji nəticəsində mövcud bazar paylarınıartıracaqlar. Bununla yeni formalaşacaq maliyyə institutu mövqeyinə, beynəlxalq standartlara, trendlərə uyğunluğuna görə bazarın ən güclü oyunçularından biri kimi möhkəmlənəcək”, - deyə məlumatda qeyd edilir.
Konsolidasiyadan sonra yeni inkişaf mərhələsinə qədəm qoyulacağı gözlənilir. Belə ki, daha böyük xidmət şəbəkəsi ilə yeni məhsul və xidmətlər müştərilərə daha rahat, operativ şəkildə təqdim olunacaq. Eyni zamanda, yeni texnologoyaların, innovasiyaların daha geniş miqyasda tətbiqi nəzərdə tutulur ki, bu da biznes proseslərin müasirləşdirilməsi, daha keyfiyyətli müştəri xidmətinin həyata keçirilməsinə öz təsirini göstərəcəkdir.
“Hər iki bankın təsisçiləri arasında nüfuzlu beynəlxalq maliyyə institutları yer alır. Bunların sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO),Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daxildir”, - deyə məlumatda qeyd edilir.
“DəmirBank” 1989-cu ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 850-dən çox fiziki və hüquqi şəxs, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı (25%+1 səhm) və Hollandiya İnkişaf Maliyyə Şirkətidir (FMO, 10%).
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları 65 hüquqi və fiziki şəxsdir.
A.Əzizov