2015-ci ildə regionların inkişafına bütün mənbələr hesabına 3,6 mlrd. manat vəsait yönəldilib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bəyan edib.
“2015-ci ildə Azərbaycanda regionların inkişafına bütün mənbələr hesabına 3,6 mlrd. manat vəsait yönəldilib”, - deyə Ş.Mustafayev dünən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.
Ş.Mustafayevin çıxışının mətni çərşənbə günü rəsmi mətbuatda dərc olunub.
Onun sözlərinə görə, 2015-ci ildə prezident İlham Əliyevin rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı imzaladığı sərəncamlarla 169 mln. manat vəsait ayrılıb.
Ş.Mustafayev qeyd edib ki, ötən il regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib.
Xüsusilə əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib
Nazir əlavə edib ki, ötən il regionlarda 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8,2 min kilometrdən artıq elektrik və 12,5 min kilometrə yaxın qaz xətləri, 750 kilometr su, 391 kilometr kanalizasiya xətti çəkilib.
A.Axundov