Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva Azərbaycan qadınlarını özlərinin və gələcəkdə dünyaya gətirəcəkləri körpələrin sağlamlığına məsuliyyətli yanaşmağa çağırıb.
“Biz bu gün qadınların hamiləliyin son günlərində qadın məsləhətxanalarına müraciət etməsi halları ilə rastlaşırıq”,- deyə L.Rzaquliyeva bildirib.
Onun sözlərinə görə, bəzən zahı qadınlar tibb mərkəzlərinə ağırlaşmalar və patologiyalarla daxil olurlar , “belə olan halda həkimlərin işi çox çətin olur”,- deyə o əlavə edib.
“Sağlam qadın vaxtından qabaq uşaq dünyaya gətirmir, bunu yadda saxlamaq lazımdır və bu vacib işdə şüurlu hərəkət etmək lazımdır. Mütəxəssisə nə qədər erkən müraciət edilsə, sağalma şansı bir o qədər çox olar və sağlam nəsil yetişdirmək də bir o qədər asan olar”,- deyə komissiya sədri qeyd edib.
L.Rzaquliyeva söyləyib ki, hamiləlik mütləq planlaşdırılmalıdır və həkimlərlə məsləhətləşməkdən imtina etmək olmaz.
“Bizə ağır halda müraciət edən zahılar olduqda əlbəttə ki, ölüm halları da qaçılmaz olur”, - deyə o əlavə edib.
Bununla yanaşı, o deyib ki, çox zaman belə xəstələrin qohumları həkimləri günahlandırır, KİV-lər isə onları dəstəkləyirlər.
Mətbuat konfransında çıxış edən Səhiyyə Nazirliyinin pediatrı Nəsib Nuriyev bildirib ki, belə hallarda yerli telekanallar bunu həkimin səriştəsizliyi kimi qələmə verirlər.
“Ana və uşaq ölümləri haqqında süjetlərdə yalnız xəstənin qohumlarının şərhi təqdim edilir. Həkimlərdən heç kim heç nə soruşmur. Bundan sensasiya yaradır və şou düzəldirlər”,- deyə həkim vurğulayıb.
A.Zeydullayeva