Bu gün Bakı Şəhər Səbail rayon Məhkəməsində ANN.az saytının videoreportyoru Rasim Əliyevin döyülərək öldürülməsi faktı ilə əlaqədar ayrıca icraata alınmış məhkəmə işi ilə bağlı ilkin iclas keçirilib.
“Qəbələ” Futbol Klubunun oyunçusu Cavid Hüseynov və onun qohumu Elşən İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunan şəxs qismində məhkəməyə cəlb edilib.
Məhkəmə prosesinin davamı fevralın 10-na təyin edilib.
R.Əliyev 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
İbtidai istintaq zamanı müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş C.Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış ANN.az saytının videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü il təvəllüdlü Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə E.İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» mağazasının qarşısında onunla görüşüb.
Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05:00 radələrində orada vəfat edib.
İstintaq zamanı R.Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı A.Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən «Arzu» şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
R.Babayev